Archive for İ

Game of Thrones`un iç üzü.

23/04/2013

Gənc intellektualımız Bəhram bəy Spartak haqqında yazdıqdan sonra mən də dedim ki, Game of Thrones`dan yazım.

Təbii ki, aramızda səviyyə fərqi olduğu üçün mən fərqli prespektivdən baxacam məsələyə.

Deməli belə. Bu, dünyaca məşhur serial üçüncü sezonundadır. Əslində pis də getmir. Yaxşı gedir.

Amma bu üçüncü sezonun ilk seriası bir az fərqli hadisə ilə yadımda qaldı.

Keçən sezondakı savaşda gəmisi batırıldığı üçün çoxlarının öldüyünü düşündüyü Davos müəllim ortaya çıxır. Balaca bir qayalıqda, huşunu itirmiş formada, hadisədən bir xeyli vaxt sonra.

Nə isə, bizim bu Davos bəy, Krallığa vahid namizəd Stannis`in sağ əli fason bir şeydi. Sözümün buna dəxli yoxdu əslində, ara yerdə söz soxum dedim.

Hə, bu Davos oyanır, görür gəmi var uzaqda, köynəyini soyunub yelləməyə başlayır ki, bunu görsünlər.

Xoşbəxtlikdən görürlər də.

Amma ki, bu köynəyini yellədiyi vaxt var e, o vaxt bu Davosun, dönə-dönə üzr istəyirəm hamınızda, qoltuğunun altı tər-təmiz olur. Təzəcə qırxılmış. Üzü it günündə, saç-saqqal, üst-baş deyiləcək deyil, bircə o bayaq dediyim yer elə.

Dediyim odur ki, siz bunu qüsur, diqqətdən qaçan kiçik bir nüans olaraq görə bilərsiniz, amma bu massonların yeni işarəsidi.

Dedim xəbəriniz olsun, hər şeyə belə səthi yanaşmayın.

Bu da o masson Davos bəy.

game-of-thrones-davos-seaworth-610x343

(Mənbə: http://www.sidequesting.com/wp-content/uploads/game-of-thrones-davos-seaworth-610×343.jpg )

Kürü Diplomatiyası

17/04/2013

Kürü diplomatiyasının dəbdə olduğu vaxtlar görmüşdüm bu şəkli.

Kütləvi hüzn var idi insanlarda, sanki dünya tarixində bir ilk idi, sanki indiyə qədər Avropa və s.`in dərdi-azarı ölkəmizdəki insan hüquqları zad olmuşdu.

Sözüm onda deyil.

Monica Belluci maraqlı qadındı.

Facebook`dakı Monica Belluci`yə aid ən böyük səhifədəki (təxminən 834 min) şəkillərə baxırsan, baxırsa, bir də görürsən Atatürkün şəkli, təzədən baxırsan, baxırsan,  bir də Atatürk.

Atatürk və Monica Belluci.

Gözəl ikilidi 🙂
Hə, bu da Kürü Diplomatiyasını dəstəkləyən şəkil.

Kürü Diplomatiyası

Foto yuxarıda adı çəkilən səhifədən götürülüb.

Quların Fəryadı – Sükuta Səyahət.

15/04/2013

Deməli belə.
Azam Ali`yə olan sevgim haqda məlumatınız var deyə ümid edirəm.

Olmasa blogumdakı son yazılara baxa bilərsiniz.

Deməli,  Azam Ali  “Lamentation of Swans – A Journey Towards Silence” adlı albom hazırlayır amma bu dəfə albom şirkətlərindən ayrı və müstəqil şəkildə. Deyir ki, bu şəkildə daha gözəl olacaq, istədiyimiz formada, şəkildə, tərzdə, müdaxilələrsiz və s. Ona görə də maddi dəstəyə ehtiyac  var.

Amma bir az fərqli formada.

Pledgemusic.com deyə bir sayt var, orda müraciət hazırlayıb və bəzi şeyləri satışa çıxarıb. Səhifəyə buradan baxa bilərsiniz.

Özünün dizayn etdiyi t-shirtlər, imzalı cd`lər, albomlar və posterlər, əvvəllər istifadə etdiyi musiqi alətləri və sairləri satışa çıxardıb.
Üstəgəl, müəyyən məbləğ qarşılığında  istədiyiniz 20 suala cavab ala. skype`la söhbət edə bilərsiniz.

Məncə maraqlı söhbətdi.
Həm də dedim ki, xəbəriniz olsun.