Ölülərin Yarışı…

Bu 2009 da yazdığım yazıdı, dedim bu blogda da paylaşım…

Ölülər… Dirilərin bu qədər çox problemi varkən ölülərdən yazmaq gərəksiz görünə bilər, bununla bərabər bu o qədər də asan bir şeyə bənzəmir ilk baxışda. Amma ulularımız da zamanında yuxunu kiçik ölüm adlandırmayıblarmı? Buna görə də dirilərdən yazmaq elə bu kiçik ölümdən yazmaqla eyni şey deyilmi? Dirilərimiz elə yatmışlar deyilmi?

Dirilərin və ya kiçik ölülərin vəziyyətini az çox bilirik. Ən azından içində olduğumuz və yaşadığımız bir şey olduğuna görə məlumatımız var az da olsa yaşananlar haqda. İnsanların bir biri ilə rəqabət etdiyini də bilirik təbii ki. Amma bu necə rəqabətdir? -Sırf özünü təsəlli etmək və hər vəchlə əslində kiçik və cılız insan olmadığını isbat etmək səyi. Amma əslində necə cılız insan olduqlarının elə özləri tərəfindən isbatıdir bu. Təəssüf ki, cəmiyyət də bu cür insanları gözlərində böyüdür və onlara daha çox hörmət edir.

Nədir bu gün hörmət görən dəyərlər? ən son model və ən bahalı telefonlardan istifadə edənlər, eyni rəqəmlərdən ibarət “zerkalni” nömrəsi olanlardır bu günkü cəmiyətin ən hörmətliləri. Günümüzdə daha çox qızla yatmış və ya daha çox qızı fırlatmış oğlanlar, daha pullu oğlanlarla fırlanmış qızlarımız ən hörmətlilərimizdir. Bunların arasında ən hörmətliləri isə təbii ki, bakirlikdən daha tez çıxan və daha çox qızın bəkarətini pozan oğlanlarımızdır. Daha bahalı nömrəsi olan, şəhərdə az rastlanan maşın modellərinə sahib olanlar da bu siyahıdadır.

Tələbələrin hörmət anlayışı daha çox rüşvət vermək və sistemə daha çox yaltaqlıq etmək ilə ölçülür. Boşuna bir insanın necə insan olduğunu soruşduğumuzda aldığımız ilk cavab onun aylıq gəliri haqda məlumat olur. Daha çox maaş və ya gəlir daha çox hörmət deməkdir. Bu siyahını və misalları uzatmaq mümkündür, amma məncə ehtiyac yoxdur. Nə də olsa, hər gün bizim gördüyümüz, bəzən tənqid etsək belə sonradan özümüzün də etdiyimiz şeylərdir və nələr olduğunu hamımız bilirik.

Təbii ki, söhbət yalnız bu tip insanlardan getmir. Biz asanlıqla bəzilərinin də özünün ziyalı və ya daha bilikli bir insan olduğunu sübut, amma əslində inkar etməyə çalışaraq sadə insanların başa düşə bilməyəcəyi sözlərdən istifadə etdiyini də görürük və bu tip insanlarımız da bir-birləri ilə bu şəkildə yarışırlar. Yazılarında anlaşılmayan sözlərdən daha çox istifadə edənlər daha bilikldir. Boşuna türkiyəli yazarlardan biri elmi, həyatı və təbiəti – ” insanlara insanların anlaya bilməyəcəyi bir dillə anlatması”- deyə tərif etməyib.

Nə isə… Biz axı ölülərdən danışırdıq. Bəs onda ölülər necə yarışırlar bir-birlərilə? Ilk baxışda çətin bir suala oxşasa da əslində sadə bir sualdır. Bu rəqabəti və yarışı görmək üçün böyük bir ehtimalla çoxumuzun ən az bir neçə dəfə yolu düşdüyü qəbirstanlıqları gözümüzün önünə gətirmək yetərli olmalıdır. Bir-birindən əzəmətli, böyük və cah-cəlallı məzar və başdaşları da sanki bir-birilə yarışır. Həyatları boyunca daha böyük insan olduqlarını deməyə çalışırlar, amma özləri də bilmədən dirilər kimi öz cılızlıqlarını isbat edirlər. Amma bu zaman da ortaya bir sual çıxır ki, bəs bu məzarları düzəldənlər də dirilərdir axı. Ölülərin bunda nə günahı var? Bəlkə əslində ölülər dirilərin bu mənasız rəqabətinin qurbanlarıdır

Amma bu gün qəbirstanlıqlardakı “əzəmət”-ə baxmaq cəmiyyətin vəziyyətini anlamağa kifayət edir. Biz oraya cəmiyyətin güzgüyə yansımış əksi də deyə bilərik.

Ölüləri günahsız hesab etmək üçün gərək onların heç vaxt yaşamadıqlarını qəbul edək. Bu isə ağ yalan olardı. Onlar da vaxtı ilə yaşayıb, bu rəqabətin bir parçası olub və özlərindən əvvəlki ölülərin məzarlarını düzəldərkən əslində öz məzarlarının modellərini də hazırlamış olublar. Bunu bilərək və ya bilməyərək etmələri bu gün o qədər də əhəmiyyətli deyil. Vacib olan şey o insanlar öz zamanlarında da bu hadisələrin bir parçası olublar və dəyişiklik üçün yetəri qədər çalışmayıblar. Indi isə bu məzarlar həyatlarında etdiklərinin məntiqi sonluğudur.

Ölülələ üzərlərindəki bu qədər ağırlıq və yüklə bərabər rahat yatma, dirilərə isə bir gün öləcəklərinin unutmamaları diləyi ilə…

Etiketlər: , , , ,

3 Cavab to “Ölülərin Yarışı…”

  1. paranormalka Says:

    Hansina teessuflenim bilmirem

  2. mardanlamiya Says:

    Əsas da telefon))“ Hörmətlilər“in xüsusi bir növü var, əgər 30 manatlıq telefon işlədirsənsə sənə hörmət etməzlər,yox əgər həm 30 manatlıq ,həm də onunla bərabər başqa nömrə də istifadə etmək üçün 600-800 arası bir telefon işlədirsınsə sənə el arasın da “zor“ oğlan,qız deyirlər))))

    Cavid, o ki qaldı yazının əsasına,hardasa 1 ay bundan əvvəl mənə bu mövzuda nəsə yazmamı demişdilər..hər dəfə təxirə salırdım)))))

Bir şərh yazın